Yaradılış

Yoldaşlıq

Son görüşümüzdən bəri nələr baş verdi və nəyə görə minnətdarsınız?
Bu həftə sizi stresə salan nə oldu və vəziyyətin daha yaxşı olması üçün nə lazımdır?
Cəmiyyətinizdəki insanların ehtiyacları nələrdir və ifadə etdiyimiz ehtiyacları qarşılamaqda bir-birimizə necə kömək edə bilərik?
İndi isə gəlin Allahın Kəlamından bugünkü hekayəni oxuyaq...

YARADILIŞ 1: 1-25

¹ Başlanğıcda Allah göyləri və yeri yaratdı. ² Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. ³ Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. ¹⁰ Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. ¹¹ Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. ¹² Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. ¹³ Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi. ¹⁴ Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. ¹⁵ Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. ¹⁶ Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. ¹⁷ Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, ¹⁸ gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. ¹⁹ Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. ²⁰ Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». ²¹ Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. ²² Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». ²³ Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. ²⁴ Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. ²⁵ Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.

Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.

Tətbiq

İndi bir nəfər bu parçanı heç vaxt eşitməyən bir dostuna danışırmış kimi öz sözləri ilə nəql etsin. Əgər danışan şəxs nəyisə unutsa və ya səhvən nəsə əlavə etsə, gəlin dostumuza kömək edək. Özündən nəsə əlavə etdiyi halda, ona "Bunu hansı ayədə görürsən?" sualını verə bilərik.
Bu hekayə bizə Allah, Onun xarakteri və fəaliyyəti haqqında nə öyrədir?
Bu hekayədən özümüz də daxil olmaqla insanlar haqqında nə öyrənirik?
Bu hekayədən Rəbbin sizə açdığı həqiqətləri bu həftə həyatınızda necə tətbiq edəcəksiniz? Konkret olaraq hansı addımı atacaqsınız?
Növbəti görüşümüzə qədər bu hekayədəki bir həqiqəti kimlə bölüşəcəksiniz? Bizim kimi bu tətbiqlə Allahın sözünü kəşf etmək istəyən kimlərisə tanıyırsınız?
Görüşümüz sona yaxınlaşdıqca, gəlin növbəti görüşün vaxtını və görüşü kimin idarə edəcəyini müəyyən edək.
İtaət addımlarınızı özünüz üçün qeyd etməyinizi və növbəti görüşə qədər hekayəni yenidən oxumağınızı tövsiyə edirik. Əgər hekayənin mətni və ya səsi sizdə yoxdursa, görüşü aparan şəxs sizinlə paylaşa bilər. Son olaraq, Rəbdən bizə kömək etməsini istəyək.

0:00

0:00