¹ Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get. ² Səndən böyük bir millət törədəcəyəm, sənə xeyir-dua verəcəyəm, adını ucaldacağam və bərəkət qaynağı olacaqsan. ³ Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm, sənə lənət edənləri lənətləyəcəyəm. Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq». ⁴ İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi. ⁵ İbram arvadı Sarayı, qardaşı oğlu Lutu, Xaranda əldə etdikləri bütün əmlakı və özünün bütün nökərlərini götürüb Kənan torpağına tərəf yola düşdü. Onlar Kənan torpağına gəldilər. ⁶ İbram oranı dolaşıb, Şekem deyilən yerdəki More palıdının yanına çatdı. O vaxt bu torpaqda Kənanlılar yaşayırdı. ⁷ Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.
¹ Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq». ² İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq». ³ İbram sözünə davam etdi: «Sən mənə övlad vermədiyin üçün evimin nökəri mənim varisim olacaq». ⁴ Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq». ⁵ Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq». ⁶ İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00