¹ Bir müddət sonra Allah İbrahimi sınağa çəkdi. O «Ey İbrahim!» deyə çağırdı. İbrahim «Buradayam!» dedi. ² Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et». ³ İbrahim səhər tezdən qalxdı və eşşəyini palanladı. Özü ilə iki nökərini və oğlu İshaqı götürdü. O, yandırma qurbanı üçün odun yardı və qalxıb Allahın dediyi yerə yollandı. ⁴ İbrahim üçüncü gün başını qaldırıb uzaqdan o yeri gördü. ⁵ O, nökərlərinə dedi: «Siz eşşəklə birlikdə burada qalın, mən uşaqla oraya gedəcəyəm. Səcdə edib, yanınıza qayıdarıq». ⁶ İbrahim yandırma qurbanı üçün odun götürüb oğlu İshaqın kürəyinə qoydu, odu və bıçağı isə özü götürdü. İkisi birlikdə getdilər. ⁷ İshaq atası İbrahimi çağırdı: «Ay ata!» O cavab verdi: «Buradayam, oğlum». İshaq dedi: «Od və odun var, bəs yandırma qurbanı olacaq quzu haradadır?» ⁸ İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». İkisi birlikdə getdilər. ⁹ Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib odunları düzdü və oğlu İshaqın əl-qolunu bağlayıb qurbangaha, odunların üstünə qoydu. ¹⁰ İbrahim əlini uzadıb oğlunu kəsmək üçün bıçağı götürdü. ¹¹ Rəbbin mələyi göylərdən onu çağırdı: «İbrahim, İbrahim!» O «Mən buradayam!» dedi. ¹² Mələk dedi: «Uşağa əl qaldırma və ona bir şey etmə. İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin». ¹³ İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. ¹⁴ İbrahim o yeri Yahve-İre ¹⁵ Rəbbin mələyi yenə göylərdən İbrahimi çağırıb dedi: ¹⁶ «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə ¹⁷ Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq. ¹⁸ Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”». ¹⁹ Sonra İbrahim öz nökərlərinin yanına qayıtdı və onlar qalxıb Beer-Şevaya getdilər. İbrahim Beer-Şevada sakin oldu.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00