Tanrının Musaya Çağırışı

Yoldaşlıq

Son görüşümüzdən bəri nələr baş verdi və nəyə görə minnətdarsınız?
Bu həftə sizi stresə salan nə oldu və vəziyyətin daha yaxşı olması üçün nə lazımdır?
Cəmiyyətinizdəki insanların ehtiyacları nələrdir və ifadə etdiyimiz ehtiyacları qarşılamaqda bir-birimizə necə kömək edə bilərik?
Keçən dəfəki görüşdə hansı hekayəni müzakirə etmişdik? Allah və insanlar haqqında nə öyrəndik?
Son görüşümüzdə öyrəndiklərinizi tətbiq etməyə qərar verdiniz. Nə etdiniz və necə oldu?
Son dəfə oxuduğumuz hekayədən nələri kimlə paylaşdınız? Onlar necə reaksiya verdilər?
Son görüşümüzdə bir neçə ehtiyac müəyyən etdik və onları qarşılamağı planlaşdırdıq. Necə oldu?
İndi isə gəlin Allahın Kəlamından bugünkü hekayəni oxuyaq...

ÇIXIŞ 2: 23-3: 14

²³ Xeyli vaxt keçəndən sonra Misir padşahı öldü. İsrail övladları ağır zəhmət çəkdikləri üçün fəryad edib inlədilər. Ağır zəhmətlərinə görə etdikləri nalələri Allaha çatdı. ²⁴ Allah onların iniltisini eşitdi; İbrahimlə, İshaqla və Yaqubla olan əhdini xatırladı. ²⁵ Allah İsrail övladlarının qul olduqlarını gördü və onlara nəzər saldı. ¹ Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. ² Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb ³ Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır». Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi. Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu. Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım. İndi isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm. ¹⁰ Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan». ¹¹ Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» ¹² Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz». ¹³ Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?» ¹⁴ Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”».

ÇIXIŞ 7: 1-5

¹ Rəbb Musaya dedi: «Səni firon üçün Allah kimi qoydum, qardaşın Harun isə sənin peyğəmbərin olacaq. ² Mənim sənə verdiyim əmri qardaşın Haruna söylə. Qoy o da firona söyləsin ki, İsrail övladlarını ölkəsindən buraxsın! ³ Lakin Mən fironun ürəyini inadkar edəcəyəm ki, Misir torpağında göstərəcəyim çoxlu əlamətlər və möcüzələrə baxmayaraq, firon sizə qulaq asmasın. Onda Mən əlimi Misir torpağına uzadıb böyük cəzalar göndərərək ordularımı – xalqım İsrail övladlarını onların arasından dəstələrlə çıxaracağam. Əlimi Misir torpağına uzadaraq İsrail övladlarını onların arasından çıxardığım vaxt Misirlilər biləcəklər ki, Rəbb Mənəm!»

Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.

Tətbiq

İndi bir nəfər bu parçanı heç vaxt eşitməyən bir dostuna danışırmış kimi öz sözləri ilə nəql etsin. Əgər danışan şəxs nəyisə unutsa və ya səhvən nəsə əlavə etsə, gəlin dostumuza kömək edək. Özündən nəsə əlavə etdiyi halda, ona "Bunu hansı ayədə görürsən?" sualını verə bilərik.
Bu hekayə bizə Allah, Onun xarakteri və fəaliyyəti haqqında nə öyrədir?
Bu hekayədən özümüz də daxil olmaqla insanlar haqqında nə öyrənirik?
Bu hekayədən Rəbbin sizə açdığı həqiqətləri bu həftə həyatınızda necə tətbiq edəcəksiniz? Konkret olaraq hansı addımı atacaqsınız?
Növbəti görüşümüzə qədər bu hekayədəki bir həqiqəti kimlə bölüşəcəksiniz? Bizim kimi bu tətbiqlə Allahın sözünü kəşf etmək istəyən kimlərisə tanıyırsınız?
Görüşümüz sona yaxınlaşdıqca, gəlin növbəti görüşün vaxtını və görüşü kimin idarə edəcəyini müəyyən edək.
İtaət addımlarınızı özünüz üçün qeyd etməyinizi və növbəti görüşə qədər hekayəni yenidən oxumağınızı tövsiyə edirik. Əgər hekayənin mətni və ya səsi sizdə yoxdursa, görüşü aparan şəxs sizinlə paylaşa bilər. Son olaraq, Rəbdən bizə kömək etməsini istəyək.

0:00

0:00