¹ Allah bütün bu sözləri belə söylədi: ² «Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. ³ Məndən başqa allahların olmasın. ⁴ Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. ⁵ Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən, sənin Allahın Rəbb, qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm. ⁶ Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm. ⁷ Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz. ⁸ Şənbə gününü yadda saxlayıb təqdis et. ⁹ Altı gün çalışıb bütün işlərini gör. ¹⁰ Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. ¹¹ Çünki altı gün ərzində Rəbb göyləri və yeri, dənizi və kainatdakı hər şeyi yaratdı, yeddinci gün isə istirahət etdi. Bunun üçün Rəbb Şənbə gününə bərəkət verib onu müqəddəs saydı. ¹² Ata-anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. ¹³ Qətl etmə. ¹⁴ Zina etmə. ¹⁵ Oğurluq etmə. ¹⁶ Heç kimə qarşı yalandan şahidlik etmə. ¹⁷ Heç kimin evinə tamah salma. Heç kimin arvadına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma».
¹ Rəbb Musaya dedi: ² «Əgər bir şəxs günah edib Rəbbə xəyanət edərsə, özünə əmanət edilən, girov qoyulan yaxud oğurluq bir şey barəsində başqa bir adamı aldadarsa ya da ona haqsızlıq edərsə, ³ itmiş bir əşyanı tapıb yalan söylərsə, yalandan and içərsə, yəni insanların edə biləcəyi bu günahlardan birini edərsə, ⁴ o şəxs günah etmiş olur və təqsirkar sayılır. Oğurladığı ya da haqsızlıqla ələ keçirdiyi şeyi, özünə əmanət edilən ya da tapdığı itmiş əşyanı ⁵ yaxud barəsində yalandan and içdiyi şeyin üzərinə beşdə birini də əlavə edərək təqsir qurbanını gətirdiyi gün sahibinə geri qaytarsın. ⁶ Bu adam Rəbbin qarşısında təqsirini yumaq üçün kahinin yanına təqsir qurbanı olaraq sürüdən qüsursuz və dəyərli bir qoç gətirsin. ⁷ Bununla kahin günah edən adam üçün təqsirinə səbəb olduğu hər şeyi Rəbbin önündə kəffarə etsin ki, o bağışlansın».
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00