Bağışlanma və Qurban

Yoldaşlıq

Son görüşümüzdən bəri nələr baş verdi və nəyə görə minnətdarsınız?
Bu həftə sizi stresə salan nə oldu və vəziyyətin daha yaxşı olması üçün nə lazımdır?
Cəmiyyətinizdəki insanların ehtiyacları nələrdir və ifadə etdiyimiz ehtiyacları qarşılamaqda bir-birimizə necə kömək edə bilərik?
Keçən dəfəki görüşdə hansı hekayəni müzakirə etmişdik? Allah və insanlar haqqında nə öyrəndik?
Son görüşümüzdə öyrəndiklərinizi tətbiq etməyə qərar verdiniz. Nə etdiniz və necə oldu?
Son dəfə oxuduğumuz hekayədən nələri kimlə paylaşdınız? Onlar necə reaksiya verdilər?
Son görüşümüzdə bir neçə ehtiyac müəyyən etdik və onları qarşılamağı planlaşdırdıq. Necə oldu?
İndi isə gəlin Allahın Kəlamından bugünkü hekayəni oxuyaq...

LUKA 18: 9-30

Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: ¹⁰ «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. ¹¹ Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. ¹² Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. ¹³ Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə, cəsarət etmirdi, amma sinəsinə vurub hey deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” ¹⁴ Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək». ¹⁵ Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. ¹⁶ Amma İsa uşaqları yanına çağırıb dedi: «Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. ¹⁷ Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz». ¹⁸ Rəhbərlərdən biri İsadan soruşdu: «Ey yaxşı Müəllim, mən nə etməliyəm ki, əbədi həyatı irs olaraq alım?» ¹⁹ İsa ona dedi: «Mənə niyə yaxşı deyirsən? Tək Allahdan başqa yaxşısı yoxdur. ²⁰ Onun əmrlərini bilirsən: “Zina etmə. Qətl etmə. Oğurluq etmə. Yalandan şahidlik etmə. Ata-anana hörmət et”». ²¹ Bu adamsa dedi: «Bunların hamısına gəncliyimdən bəri riayət edirəm». ²² İsa bunu eşidib ona dedi: «Sənin bir şeyin çatışmır: nəyin varsa, satıb yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl». ²³ Amma bu sözləri eşitdikdə həmin adamı dərin kədər bürüdü, çünki çox varlı idi. ²⁴ İsa onun dərindən kədərləndiyini görəndə dedi: «Var-dövləti olanların Allahın Padşahlığına daxil olması nə qədər çətindir! ²⁵ Doğrudan da, dəvənin iynə gözündən keçməsi varlı adamın Allahın Padşahlığına daxil olmasından asandır». ²⁶ Bunları eşidənlər dedilər: «Elə isə, kim xilas ola bilər?» ²⁷ O isə dedi: «İnsan üçün qeyri-mümkün olan, Allah üçün mümkündür». ²⁸ Peter isə dedi: «Bax biz hər şeyi qoyub Sənin ardınca gəlmişik». ²⁹ İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: Allahın Padşahlığı uğrunda ya evini ya arvadını ya bacı-qardaşlarını ya ata-anasını və yaxud uşaqlarını atan elə bir kəs yoxdur ki, ³⁰ bu dövrdə bundan neçə qat artıq, gələcək dövrdə isə əbədi həyat almasın».

Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.

Tətbiq

İndi bir nəfər bu parçanı heç vaxt eşitməyən bir dostuna danışırmış kimi öz sözləri ilə nəql etsin. Əgər danışan şəxs nəyisə unutsa və ya səhvən nəsə əlavə etsə, gəlin dostumuza kömək edək. Özündən nəsə əlavə etdiyi halda, ona "Bunu hansı ayədə görürsən?" sualını verə bilərik.
Bu hekayə bizə Allah, Onun xarakteri və fəaliyyəti haqqında nə öyrədir?
Bu hekayədən özümüz də daxil olmaqla insanlar haqqında nə öyrənirik?
Bu hekayədən Rəbbin sizə açdığı həqiqətləri bu həftə həyatınızda necə tətbiq edəcəksiniz? Konkret olaraq hansı addımı atacaqsınız?
Növbəti görüşümüzə qədər bu hekayədəki bir həqiqəti kimlə bölüşəcəksiniz? Bizim kimi bu tətbiqlə Allahın sözünü kəşf etmək istəyən kimlərisə tanıyırsınız?
Görüşümüz sona yaxınlaşdıqca, gəlin növbəti görüşün vaxtını və görüşü kimin idarə edəcəyini müəyyən edək.
İtaət addımlarınızı özünüz üçün qeyd etməyinizi və növbəti görüşə qədər hekayəni yenidən oxumağınızı tövsiyə edirik. Əgər hekayənin mətni və ya səsi sizdə yoxdursa, görüşü aparan şəxs sizinlə paylaşa bilər. Son olaraq, Rəbdən bizə kömək etməsini istəyək.

0:00

0:00