¹ Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. ² Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. ³ Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. ⁴ İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq». ⁵ İsa Martanı, onun bacısını və Lazarı sevirdi. ⁶ Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. ⁷ Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. ⁸ Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» ⁹ İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. ¹⁰ Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». ¹¹ İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». ¹² Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». ¹³ İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. ¹⁴ Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. ¹⁵ Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». ¹⁶ «Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək». ¹⁷ İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. ¹⁸ Bet-Anya ilə Yerusəlim arasında on beş stadi ¹⁹ Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. ²⁰ Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. ²¹ Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. ²² Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». ²³ İsa ona «qardaşın diriləcək» dedi. ²⁴ Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». ²⁵ İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, ²⁶ yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» ²⁷ Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». ²⁸ Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». ²⁹ Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. ³⁰ İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. ³¹ Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. ³² Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». ³³ İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. ³⁴ İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. ³⁵ İsa ağladı. ³⁶ Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. ³⁷ Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?» ³⁸ O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. ³⁹ İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». ⁴⁰ İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» ⁴¹ Beləcə daşı ⁴² Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». ⁴³ Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. ⁴⁴ Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00