¹¹ Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. ¹² Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. ¹³ Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». ¹⁴ Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. ¹⁵ İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». ¹⁶ İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. ¹⁷ İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». ¹⁸ Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi. ¹⁹ O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. ²⁰ Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. ²¹ İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». ²² Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! ²³ Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır». ²⁴ Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. ²⁵ O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». ²⁶ Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. ²⁷ Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» ²⁸ Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. ²⁹ İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» ³⁰ İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. ³¹ Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.
⁵⁰ İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; ⁵¹ xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. ⁵² Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00