¹ Deməli, indi Məsih İsada olanlara ² Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi. ³ Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki, ⁴ Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin. ⁵ Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür. ⁶ Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir. ⁷ Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz. ⁸ Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz. ⁹ Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil. ¹⁰ Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir. ¹¹ Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək. ¹² Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq. ¹³ Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız. ¹⁴ Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır. ¹⁵ Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik. ¹⁶ Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq. ¹⁷ Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq. ¹⁸ Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00