¹⁰ Nəhayət, Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. ¹¹ İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. ¹² Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil, şər başçılarına və hakim olanlara, bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır. ¹³ Buna görə Allahın bütün zireh və silahlarını götürün ki, pis gündə müqavimət göstərib, əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz. ¹⁴⁻¹⁵ Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış, barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun. ¹⁶ Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün. ¹⁷ Xilas dəbilqəsini və Ruhun qılıncını, yəni Allahın kəlamını götürün. ¹⁸ Hər cür dua və yalvarışla, həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin. ¹⁹⁻²⁰ Ağzımı hər açanda mənə lazımi söz verilsin deyə mənim üçün də dua edin ki, uğrunda zəncirlə bağlı halda elçilik etdiyim Müjdənin sirrini açım və bu Müjdəni lazımınca cəsarətlə bəyan edə bilim.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00