³² İmanlıların hamısı canbir qəlbdə idi. Heç kim öz əmlakına «bu mənimdir» demir, bütün əmlaklarından birgə istifadə edirdi. ³³ Həvarilər Rəbb İsanın dirilməsi barədə böyük qüdrətlə şəhadət edirdilər və hamısının üzərinə bol-bol lütf ehsan olunurdu. ³⁴ Onların arasında heç kim yoxsul deyildi. Çünki onların arasında torpaq və ev sahibi olanlar mülkünü satıb pulunu gətirər, ³⁵ həvarilərin ixtiyarına verərdi. Bu da hər kəsə ehtiyacına görə paylanardı. ³⁶ Məsələn, Kiprdə anadan olan, həvarilərin Barnaba adlandırdığı (mənası «Təsəlli oğlu») Levili Yusif ³⁷ sahib olduğu torpaq sahəsini sataraq pulunu gətirib həvarilərin ixtiyarına verdi.
¹ Qardaşlar, sizə bildirmək istəyirik ki, Makedoniyadakı cəmiyyətlərə verilən Allahın lütfü nə etdi: ² onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı. ³ Mən şahidəm ki, onlar bunu bacardıqları qədər, hətta artıqlaması ilə, könüllü surətdə etdilər. ⁴ Bizə yalvara-yalvara müqəddəslərə yardım işinə şərik olmaq lütfünə nail olmaq istədilər. ⁵ Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər. ⁶ Ona görə Titdən xahiş etdik ki, onun başladığı bu xeyriyyə işini sizin aranızda başa çatdırsın. ⁷ Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə ⁸ Mən bunları əmr edərək demirəm, lakin başqalarının cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sınaqdan keçirərək deyirəm. ⁹ Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. ¹⁰ Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskarı oldunuz. Öz xeyriniz üçün ¹¹ indi bu işi başa çatdırın. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdırın. ¹² Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır. ¹³ Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik. ¹⁴ İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun. ¹⁵ Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı».
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00