¹ Xananya adında bir kişi arvadı Sapfira ilə razılığa gəlib bir mülk satdı. ² O, pulun bir hissəsini özünə götürüb qalan hissəsini həvarilərin ixtiyarına verdi. Arvadının da bu işdən xəbəri var idi. ³ Peter ona dedi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb Müqəddəs Ruha yalan söyləyərək torpağın pulunun bir hissəsini özünə götürdün? ⁴ Bu torpaq satılmamışdan əvvəl sənin deyildimi? Sən onu satandan sonra da pul sənin ixtiyarında deyildimi? Bu nə niyyətdir, ürəyində tutmusan? Sən insanlara deyil, Allaha yalan satdın». ⁵ Xananya bunları eşidən kimi yerə yıxıldı və canı çıxdı. Bunu eşidən hər kəsi böyük bir vahimə bürüdü. ⁶ Gənclər gəlib Xananyanın meyitini kəfənə bürüdülər və aparıb dəfn etdilər. ⁷ Bundan təxminən üç saat sonra Xananyanın arvadı içəri daxil oldu. Onun olub-keçənlərdən heç bir xəbəri yox idi. ⁸ Peter ondan soruşdu: «Mənə söylə, torpağı bu qiymətəmi satdınız?» Qadın cavab verdi: «Bəli, o qiymətə». ⁹ Peter ona dedi: «Niyə əlbir olub Rəbbin Ruhunu sınamaq istədiniz? Budur, ərini dəfn edənlərin ayaq səsləri qapı ağzındadır, indi də səni aparmağa gəlirlər». ¹⁰ Qadın həmin an Peterin ayaqları qarşısına yıxıldı və canı çıxdı. İçəri daxil olan gənclər gördülər ki, o da ölüb. Onlar onu götürüb ərinin yanında dəfn etdilər. ¹¹ Bütün imanlılar cəmiyyətini və bu hadisəni eşidənlərin hamısını böyük bir vahimə bürüdü.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00