¹³ Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. ¹⁴ Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. ¹⁵ Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. ¹⁶ Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər. ¹⁷ Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. ¹⁸ Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. ¹⁹ Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. ²⁰ Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Bible in Northern Azeri © 2004, 2009, 2012 Kitab Company & United Bible Societies. Azerbaijani, North Audio Bible ℗ 2024, Davar Partners International.
0:00
0:00